Bir yaşını tamamlamış bir körpə, doğulduğu günlə müqayiəsədə təxminən iki dəfə daha ağır, 50% daha uzundur. 1 il ərzində görünməmiş sürətlə kökələr, uzanar və orqanizmi mütənasib şəkildə böyüyər. Təxminən 3 kq ağırlığında 50 sm boyunda yeni doğan bir körpənin, iyirmi-iyirmi beş il müddətində 80 kq. ağırlığında 1,80 m. uzunluğunda yetkin bir insan olmasını təmin edən nədir?

Bu sualın cavabı, hipofiz vəzindən ifraz olunan möcüzəvi bir molekulda, böyümə hormonunda gizlənmişdir.
Kiçik bir körpə yetkin bir insan olmaq üçün böyüməlidir. Böyümə prosesi də iki fərqli şəkildə gedər. Bəzi hüceyrələr həcmlərini artırar, bəzi hüceyrələr də bölünərək çoxalarlar. Bu iki əməliyyatı da təmin edən və idarə edən böyümə hormonudur.

Böyümə hormonu hipofiz vəzindən ifraz olunar və bütün orqanizm hüceyrələrinə təsir edər. Hər hüceyrə hipofiz vəzindən özünə gələn mesajın mənasını anlayar. Böyüməsi lazımdırsa böyüyər, bölünərək çoxalması lazımdırsa bölünərək çoxalar.
Məsələn, bir insanın ürəyi, yeni doğulduğu vaxt, yetkin halının təxminən 16-da bir hissəsi qədər olar. Lakin, ümumi hüceyrə sayı dəyişməz hər iki dövrdə də eyni qalar

Böyümə hormonu inkişaf dövründə ürək hüceyrələrinə ayrı-ayrılıqda təsir edər. Hər hüceyrə, böyümə hormonunun özünə əmr etdiyi qədər inkişaf edər. Beləliklə də, ürək böyüyər və yetkin bir insan ürəyinə çevrilər.

Sinir hüceyrələrinin çoxalma prosesi də körpə hələ ana bətnində olarkən, 6-cı ayın sonunda bitər. Bu mərhələdən doğuma və doğumdan yetkinliyə qədərki dövrdə sinir hüceyrələrinin sayı sabit qalar. Böyümə hormonu sinir hüceyrələrinə həcm cəhətdən böyümələrini əmr edər. Beləliklə də, sinir sistemi böyümə dövrünün başa çatmasıyla son halını alar.
Orqanizmdəki digər hüceyrələr (məsələn, əzələ və sümük hüceyrələri) inkişaf dövrü boyunca bölünərək çoxalarlar. Bu hüceyrələrə nə qədər bölünmələri lazım olduğunu bildirən yenə böyümə hormonudur.

Bu vəziyyətdə bu sualı verməliyik:
Hipofiz vəzi hüceyrələrin bölünməsi və ya böyüməsi üçün lazım olan formulu necə bilir? Bu, olduqca möcüzəvi hadisədir. Çünki noxud böyüklüyündəki bir ət parçası, orqanizmdəki bütün hüceyrələrə hökm edir və bu hüceyrələrin həcm etibarilə böyüyərək və ya bölünərək böyümələrini təmin edir. Verilməli olan digər bir sual da budur: Bu ət parçasına bu vəzifəni kim vermişdir? Bu hüceyrələr niyə ömür boyu, digər hüceyrələrə bölünmələrini əmr edən mesaj göndərir?

Bu məqamda Allahın yaratmasındakı mükəmməllik yenidən ortaya çıxır. Kiçik bir yerdəki hüceyrələr, trilyonlarla hüceyrənin müəyyən qayda üzrə bölünmələrini və böyümələrini təmin edir. Halbuki bu hüceyrələrin insan orqanizmini kənardan görmələri, orqanizmin nə qədər böyüməli və bunun hansı mərhələyə çatdıqda dayanmalı olduğunu bilmələri qeyri-mümkündür. Bu şüursuz hüceyrələr orqanizmdəki qaranlıq mühitdə, nə etdiklərini də bilmədən böyümə hormonu ifraz edir və lazım gəldikdə isə, bu ifrazat prosesinin dayandırırlar. Elə mükəmməl bir sistem yaradılmışdır ki, böyümənin və bu hormonun ifraz olunma prosesinin hər mərhələsi nəzarət altındadır.

Böyümə hormonunun bəzi hüceyrələrə həcm etibarilə böyümələrini, bəzi hüceyrələrə də bölünərək çoxalmalarını əmr etməsi isə, ayrı bir möcüzədir. Çünki hər iki hüceyrəyə çatan hormon tamamilə eynidirlər. Ancaq əmri alan hüceyrənin genetik şifrəsinə necə hərəkət etməli olduğu yazılmışdır. Böyümə hormonu böyümə əmrini verər. Bunun hansı şəkildə ediləcəyi həmin hüceyrənin içində yazılmışdır. Bu da insan orqanizminin hər nöqtəsinin yaradılışındakı qüdrət və ehtişamı yenidən sübut edər.

Burada çox mühüm bir incəlik daha var: böyümə hormonunun bütün orqanizm hüceyrələrinə təsir göstərməsi də, olduqca böyük möcüzədir. Əgər bəzi hüceyrələr böyümə hormonuna itaət edib, bəziləri etməsələr nəticə fəlakət olar. Məsələn, ürək hüceyrələri böyümə hormonunun əmrinə uyğun şəkildə böyüyərkən, döş qəfəsi hüceyrələri çoxalmağı və böyüməyi rədd etsələr nə baş verərdi? Böyüyən ürək, kiçik qalan döş qəfəsi içində sıxışıb qalar və nəticə ölüm olardı.

Eləcə də, burun sümüyü böyüyərkən burun dərisi böyüməsini dayandırsaydı, burun sümüyü burun dərisini yırtaraq çölə çıxardı. Əzələlərin, sümüklərin, dərinin və orqanların bir-birləriylə uyğun şəkildə böyümələri, hər hüceyrənin tək-tək böyümə hormonuna itaət etməsi sayəsində mükəmməl şəkildə təmin edilər.
Böyümə hormonu, sümüklərin ucundakı qığırdaq toxumasının inkişafı üçün də əmr verər. Bu qığırdaq, yeni doğan bir körpənin ürəyi kimidir. O böyümədikcə, körpə də böyüyə bilməz. Buradakı hüceyrələr sümüyü uzunasına böyüdərlər. Bəs bu hüceyrələr sümüyün uzunasına böyüməli olduğunu haradan bilirlər? Əgər bu sümük eninə böyüsə ayaq uzana bilməz, hətta ayaq sümüyü bu nahiyədə dərini yırtaraq çölə çıxar. Ancaq hər şey planlanmış və bu plan hər hüceyrənin nüvəsinə yerləşdirilmişdir. Beləliklə də, sümüklər uzunasına böyüyər.

Böyümə hormonunda görülən digər bir möcüzə də bu hormonun ifraz olunduğu dövr və miqdarıdır. Böyümə hormonu tam lazımi miqdarda və ən çox da böyümə dövründə ifraz olunar. Bu, çox mühüm bir möcüzədir. Çünki ehtiyac duyulandan bir qədər az və ya bir qədər çox hormon ifraz olunması nəticəsində, olduqca təhlükəli nəticələr ortaya çıxar. Əgər böyümə hormonu az ifraz olunsa nanizmə (cırtdanboyluluğa), çox ifraz olunsa qiqantizmə (ucaboyluluq) səbəb olar.

Buna görə də, orqanizmdə böyümə hormonunun ifraz olunma miqdarını nizamlayan çox xüsusi bir sistem yaradılmışdır. Bu hormonunun ifraz olunma miqdarına hipofiz vəzinin rəhbəri sayılan hipotalamus qərar verər. Böyümə hormonu ifraz olunması lazım olduqda hipofizə, "böyümə hormonu ifraz etdirən hormon (QTRH)" göndərər. Qanda normadan artıq böyümə hormonu olduqda isə, hipotalamus hipofizə bir mesaj (somatostatin hormonu) göndərərək, böyümə hormonunun ifraz olunmasını yavaşladar.

Bəs hipotalamusu meydana gətirən hüceyrələr, qanda nə qədər böyümə hormonu olmasını lazım olduğunu haradan bilirlər? Qanda olan böyümə hormonu miqdarını ölçüb, bu vəziyyətə görə necə qərar verə bilərlər? Bu vəziyyətin nə qədər böyük möcüzə olduğunu anlamaq üçün bu nümunə üzərində düşünək:
Bir insanı xüsusi bir cihazın köməyi ilə milyardlarla dəfə (insan bir hüceyrə ölçüsünə gələnə qədər) kiçiltdiyimizi düşünək. Bu insan xüsusi bir kapsulaya yerləşdirilib hipotalamus nayihəsindəki hüceyrələrdən birinin yanına yerləşdirilsin.

Bu insanın vəzifəsi, qarşısından keçən kapilyar damarın içindəki böyümə hormonu molekullarını saymaq olacaq. Əgər bu molekulların sayında azalma və ya çoxalma baş versə, bunu da müəyyənləşdirməli olacaq. Məlum olduğu kimi, qan mayesində minlərlə fərqli maddə var. Molekulyar quruluşlar düşünüldüyü təqdirdə, bir insanın önünə qoyulan şəklin böyümə hormonu və ya başqa bir maddəyə aid olduğunu bilməsi (əgər, bu mövzuda ixtisaslaşmış elm adamı deyilsə) qeyri-mümkündür. Ancaq hipotalamusa yerləşdirdiyimiz insan, milyonlarla molekul içində böyümə hormonlarını mütləq tanımalıdır. Həmçinin bu hormonun miqdarına da hər an nəzarət etmək məcburiyyətindədir.
Bir insan üçün belə olduqca çətin görünən bu vəzifəni, şüursuz hipotalamus hüceyrələri necə yerinə yetirirlər? Hər an qandakı böyümə hormonu miqdarını necə ölçürlər? Böyümə hormonunu digər molekullardan necə ayırd edirlər? Bu hüceyrələrin molekulları tanımalarını təmin edəcək gözləri, mövcud vəziyyəti qiymətləndirəcək beyinləri yoxdur. Lakin, Allahın yaratdığı mükəmməl sistem daxilində özlərinə əmr edilən vəzifəni nöqsansız şəkildə yerinə yetirirlər.

Böyümə hormonu yalnız inkişaf dövründə deyil, yetkin insanlarda da ifraz olunmağa davam edər. Buradan belə çıxır ki, yetkinlərin də böyüməyə və uzanmağa davam etməli, insanların nəhəng varlıqlar halına gəlməliydi. Ancaq belə bir şey baş verməz. İnsan müəyyən böyüklüyə çatdıqdan sonra hüceyrələr bölünməyə və böyüməyə davam etməzlər. Elm adamları hüceyrələrin niyə bölünmə və böyümə əməliyyatını dayandırdıqlarını hələ də bilmirlər. Bu mövzuda bilinən tək şey var; bu da, hüceyrələrin çox xüsusi bir sistem sayəsində vaxtı gəldikdə daha çox böyüməmək və bölünməmək üçün proqramlaşdırılmış olmalarıdır. Belə olduqda, insan bu mükəmməl proqramlaşdırma əməliyyatını həyata keçirən güc sahibini düşünməlidir. Bu həqiqət bizə Allahın yaratmasındakı digər bir möcüzəni göstərər.
Trilyonlarla hüceyrənin, böyümələrini və bölünmələrini bir-birləriylə uyğun şəkildə eyni vaxtda dayandırmalarının nə qədər əhəmiyyətli hadisə olduğunu anlamaq elə də çətin deyil. Əgər bu hüceyrələrdən bəziləri digər hüceyrələr kimi bölünməyə son qoymasalar, nəticə insan üçün olduqca pis olar. İnkişaf dayandığı vaxt hər hansı bir hüceyrə qrupu, məsələn, göz hüceyrələri bölünməyə və böyüməyə davam edərsə, göz, göz çuxuru içində sıxışaraq partlayar.
Trilyonlarla hüceyrənin birdən-birə bölünmə fəaliyyətlərini dayandırmalarından danışmışkən, bir mövzunu daha xatırlatmaqda fayda var. Bəşəriyyətin on illərdir ki, mübarizə apardığı və hələ də qalib gələ bilmədiyi xərçəng xəstəliyi, tək bir hüceyrənin dayanmadan bölünməyə davam etməsi nəticəsində yaranar. Bu nümunə mövcud sistemdəki tarazlığın həssaslığının daha yaxşı başa düşülməsini təmin edir.

Yetkinlik dövründə böyümə hormonu, bəzi xüsusi hüceyrələrə öz təsirini göstərməyə davam edər və bu hüceyrələri bölünərək çoxalmağa təşviq edər. Bu da bir yaradılış möcüzəsidir və çox xüsusi bir məqsədə xidmət edir. Bölünən hüceyrələr artıq böyüməyə deyil, orqanizmin bərpasına və yenilənməsinə xidmət edərlər. Məsələn, dəri hüceyrələri və qırmızı qan hüceyrələri dayanmadan bölünərlər. Bunun üçün orqanizmimizdə hər dəqiqə 200 milyon yeni hüceyrə yaranar. Bu hüceyrələr yaşlanmış və sıradan çıxmış hüceyrələrlə yer dəyişdirərlər. Beləliklə də, ümumi sayları həmişə sabit saxlanılar.

Böyümə hormonu elə xüsusi dizayna malikdir ki, hüceyrə bölünməsinin və böyüməsinin təmin edilməsi üçün bir çox şeyi də hərəkətə keçirər.
Hüceyrələr bölünmək və ya böyümək üçün əvvəlcə həcmlərini artırmalıdırlar. Bu da ancaq hüceyrədə zülal sintezinin sürətlənməsiylə mümkün olar. Böyümə hormonu da hüceyrədəki zülal sintezini sürətləndirən xüsusiyyətə malikdir.
Məlum olduğu kimi zülal sintezi olduqca mürəkkəb sistem sayəsində baş verər. Elm adamlarının bu sistemin bəsit xüsusiyyətlərini anlamaları belə, illərlə davam edən araşdırmalar nəticəsində mümkün olmuşdur. Bu sistemin fəaliyyətini sürətləndirəcək bir molekul yaratmaq üçün bu sistemin bütün təfərrüatlarına hakim olmaq lazımdır. Böyümə hormonunun zülal sintezinin sürətini artıracaq dizayna malik olması, zülal sintez edən sistemin və böyümə hormonunun Allah tərəfindən bir-birlərinə uyğun şəkildə yaradıldıqlarının və Allahın əmriylə hərəkət etdiklərinin bir dəlilidir.

Böyümə hormonu yalnız zülal sintezinin sürətlənməsini təmin etməz, eləcə də, zülal sintezi üçün lazım olan xammalın hüceyrəyə daxil olmasını təmin edər. Zülal sintezinin həyata keçirilə bilməsi üçün, lazım olan əsas maddə, zülalın təməl elementi olan amin turşularıdır. Böyümə hormonu sanki bunu bilirmiş kimi, hüceyrə membranının daha çox amin turşusu tutması üçün hüceyrə membranını xəbərdarlıq göndərər.

Zülal sintezinin sürətlənməsi üçün, hüceyrədə maddələr mübadiləsi də sürətlənməlidir. Bunun üçün böyümə hormonu digər hormonlarla əməkdaşlıq edər. Böyümə əsnasında ifraz olunan tiroid hormonu hüceyrələrin metabolik fəaliyyətlərini sürətləndirər.

Əlbəttə ki, bütün bu əməliyyatların həyata keçirilə bilməsi üçün, çox əhəmiyyətli bir şeyə daha ehtiyac var; enerjiyə. Bura qədər saydığımız bütün sistemlər tam şəkildə mövcud olsalar da, enerji mənbəyi olmadan heç bir əhəmiyyət kəsb etməzlər. Çünki enerji olmadan böyümə fəaliyyətini reallaşdırmaq qeyri-mümkündür. Ancaq insan orqanizmi o qədər mükəmməl və o qədər planlı yaradılmışdır ki, bu ehtiyac da düşünülmüşdür. Böyümə hormonu bütün bu qabiliyyətləriylə yanaşı, çox əhəmiyyətli bir vəzifə daha yerinə yetirər. Yağ molekullarının sərbəst şəkildə qana qarışmasını təmin edər. Beləliklə də, bu molekullar yanacaq funksiyası yerinə yetirəcək və ehtiyac duyulan enerji təmin edilmiş olacaq.
Böyümə hormonunun orqanizmdəki fəaliyyətləri oxunularkən, bunları bacaranın bir neçə atomun birləşməsi nəticəsində yaranmış, cansız, şüursuz, əli, gözü və beyni olmayan bir molekul olduğu unudulmamalıdır. Belə cansız bir maddənin, orqanizm içində nə vaxt hara gedəcəyini, nə vaxt, haranı, necə xəbərdar edəcəyini bilməsi fövqəladə vəziyyətdir. Həmçinin böyümə hormonunun mesaj daşıdığını söyləmək də reallaşan hadisəni ifadə etmək üçün işlədilir. Şüursuz atomların bir-birlərinə yazılı mesajlar göndərə bilməyəcəkləri aydın məsələdir. Ancaq, orqanizm içində o qədər möcüzəvi bir hadisə baş verər ki, bəzi molekullar bir-birlərini gördüyü vaxt dərhal nə etməli olduqlarını anlayar və onu edərlər. Məsələn, bəziləri böyümə hormonunu gördükdə dərhal bölünməyə başlayar, bəziləri isə, bir anda daha çox amin turşusu almağa qərar verər və bunun üçün yalnız böyümə hormonunu görməsi kifayət edər. Orqanizmdə bu qədər şüurlu və mütəşəkkil fəaliyyət fasiləsiz surətdə necə davam edə bilir?

Bütün bu böyük tarazlıqların vaxt keçdikcə, təsadüflərlə meydana gəldiyini iddia etmək elmi həqiqətlər və ağılla ziddiyyət təşkil edir. Çünki tarazlıqdakı tək bir çatışmazlıq, bütün sistemin yox olması mənasını verər. Bir canlının həyatını davam etdirə bilməsi üçün bütün sistem və orqanları eyni anda yaranmalıdır. Böyümə hormonu haqqında bura qədər izah edilən bütün təfərrüatlar və bir-biri əlaqəli bu həssas tarazlıqlar tək bir həqiqəti göstərir: İnsan təkcə bir dəfədə, mükəmməl şəkildə yaradılmışdır. Allah üstün yaratması barədə Quranda belə buyurur:

O, yaradan, (ən gözəl biçimdə) mükəmməl şəkildə var edən, forma və surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edir. O, Əzizdir, Hakimdir. (Həşr surəsi, 24)

Prolaktin hormonu

Hipofiz vəzindən ifraz olunan bu hormon, qadınlarda ana südünün ifraz olunması üçün süd vəzlərini xəbərdar edər. Eləcə də, bu hormon, hipotalamus nayihəsinin nəzarəti altında ifraz olunar. Bu hormonun vəzifəsini necə yerinə yetirməsindən, ətraflı şəkildə "ana südü möcüzəsi" hissəsində danışılacaq.