Kreslonuzda rahat-rahat oturub bu sətirləri oxuya bilməyinizi, orqanizminizin daxili tarazlığını sizin üçün nizamlayan sistemlərə borclusunuz. Məsələn, olduğunuz mühitin temperaturu neçə dərəcə olursa olsun, orqanizm temperaturunuz daim 36,5-37,5 dərəcə arasında saxlanılmalıdır. Orqanizm temperaturunun ani surətdə enməsi və ya yüksəlməsi ölümlə nəticələnər. Sağlam bir insanın orqanizm temperaturu isə orqanizmindəki sistemlər sayəsində gün ərzində ən çoxu 0,5 dərəcə dəyişər. Eynilə damarlardakı qan təzyiqi, qandakı su miqdarı, hüceyrələrin işləmə sürətləri kimi şeylər də həssaslıqla ölçülməli və mövcud tarazlıq hər an qorunmalıdır.
Orqanizmdəki bu tarazlıqların süni şəkildə təmin edilməyə çalışıldığını düşünək. Bunun üçün, əvvəlcə insan orqanizminin bir çox nöqtəsinə çox həssas termometrlər, damarların içinə qanın sıxlığını ölçən xüsusi alətlər, damarların səthinə qan təzyiqini ölçən qəbuledicilər və hüceyrələrin işləmə sürətlərinə nəzarət edən mini laboratoriyalar yerləşdirilməlidir. Sonra isə, orqanizmin hər nöqtəsinə yerləşdirilən bu minlərlə mikro alətdən gələn məlumatlar çox təkmilləşmiş bir kompyuterə köçürülməli və lazımi qiymətləndirmələr hər saniyə aparılmalıdır.
Bu hesabların aparılması da təklikdə kifayət deyil. Eləcə də, mövcud məlumatlar əsasında hansı tədbirlərin alınacağı müəyyənləşdirilməli və alınacaq tədbirlərin həyata keçirilməsi üçün hansı hüceyrələrə, necə bir əmr verilməli olduğu da bilinməlidir.
Şübhəsiz ki, müasir texnologiya ilə insan orqanizminin dərinliklərinə minlərlə termometr, mini laboratoriya, təzyiq ölçən kimi alətlər yerləşdirmək hələ də mümkün deyil. Ancaq mümkün olan ən mükəmməl dizayna sahib xüsusi bir sistem, insan orqanizminin dərinliklərinə o dünyaya gəldikdən bəri yerləşdirilmişdir.
Minlərlə fərqli reseptor orqanizmin mövcud temperaturu, damarlardakı qan təzyiqi kimi məlumatları ölçər və əldə olunan nəticələr çox xüsusi bir kompyuterə göndərilər. Bu kompyuter, beynin hipotalamus nahiyəsidir.
Orqanizminizin gizli rəhbəri: Hipotalamus
Hipotalamus hormon sisteminin rəhbəridir. İnsan orqanizmində daxili sabitliyin təmin edilməsində həyati əhəmiyyəti daşıyır. Hipotalamus hər an beyindən və orqanizmin dərinliklərindən özünə çatdırılan xəbərdarlıqları qiymətləndirər. Bundan əlavə, orqanizm temperaturunun sabit saxlanılması, qan təzyiqinin nizamlanması, su tarazlığı və hətta yuxu rejiminin təmin edilməsinə qədər bir çox funksiyanı yerinə yetirər.
Hipotalamus beynin tam alt hissəsində yerləşir. Fındıq boydadır. Orqanizmə aid məlumatların çox əhəmiyyətli bir hissəsi hipotalamusa çatdırılar. Beynin duyğu mərkəzləri də daxil olmaqla, orqanizmin hər nöqtəsindən hipotalamusa məlumat gətirilər. Hipotalamus özünə çatan məlumatları şərh edər, alınmalı tədbirlərə, orqanizmdə ediləcək dəyişikliklərə qərar verər və qərarlarını əlaqədar orqanizm hüceyrələrinə tətbiq etdirər.
Burada diqqət yetirilməli olan əsas məsələ budur: hipotalamus şüursuz hüceyrələrdən əmələ gəlmiş bir orqandır. Bir hüceyrə insanın nə qədər yatmalı olduğunu bilməz. Orqanizm temperaturunun neçə olmalı olduğunu hesablaya bilməz və ya əldə etdiyi məlumatlara görə ən yaxşı qərarları verib, bunu orqanizmin uzaq bir ucundakı digər bir hüceyrəyə etdirə bilməz. Ancaq hipotalamusdakı hüceyrələr, orqanizmdəki tarazlıqların təmin edilməsi üçün fövqəladə şüur tələb edən hərəkətlər edər. Önümüzdəki səhifələrdə şüursuz hüceyrələrin göstərdikləri bu fövqəladə hərəkətləri ətraflı şəkildə araşdıracağıq.
Hipotalamusun əhəmiyyətli bir xüsusiyyəti, orqanizmin digər idarəetmə və nəzarət sistemi olan sinir sistemi ilə hormonal sistem arasında körpü meydana gətirməsidir. Çünki hipotalamus yalnız hormonal sistemdən deyil, sinir sistemindən də eyni məharətlə istifadə edər.
Hipotalamusun orqanizm üzərindəki hakimiyyətinə kömək edən çox əhəmiyyətli bir köməkçisi var. Aldığı qərarları lazımi yerlərə bu köməkçisi sayəsində bildirər. Məsələn, orqanizmdə qan təzyiqi aşağı endikdə ilk növbədə kəşfiyyat bölmələri hərəkətə keçər və bu təzyiq dəyişikliyini hipotalamusa bildirərlər. Hipotalamus da təzyiqin yüksəlməsi üçün hansı tədbirin görülməli olduğuna qərar verər. Qərarını köməkçisinə bildirər.
Köməkçisi bu qərarın tətbiq olunması üçün orqanizmin hansı hüceyrələrinə əmr verilməli olduğunu bilər. Bu hüceyrələrin başa düşəcəyi dildə mesajlar yazar və bu mesajları dərhal göndərər. Mesajı qəbul edən hüceyrələr özlərinə gələn əmrə itaət edər və qan təzyiqini yüksəltmək üçün lazımi tədbirləri görərlər.
Hipotalamusun köməkçisi, hormonal sistem üzərində çox böyük təsirə malik, hipofiz vəzidir.
Hipotalamusla hipofiz vəzi arasında mükəmməl ünsiyyət və rabitə sistemi qurulmuşdur. İndi diqqətlə düşünün: bu iki ət parçası öz aralarında əlaqə saxlayırlar. Hipotalamus hipofiz vəzisi üzərində mütləq hakimiyyət sahibidir. Hipofiz vəzi həyati əhəmiyyətə malik bir çox hormonu hipotalamusun nəzarəti altında ifraz edər.
Məsələn, inkişaf dövründəki bir uşağın hipotalamusu, hipofiz vəzisinə bir mesaj göndərər. Bu mesaj "böyümə hormonu ifraz et" əmri daşıyar. Hipofiz vəzi də tam lazımi miqdarda böyümə hormonu ifraz edər.
Bənzər bir hadisə, orqanizm hüceyrələri daha sürətli işləməli olduqda yaşanar. Ancaq bu dəfə iki mərhələli əmr zənciri ortaya çıxar. Hipotalamus hipofizə, hipofiz də tiroid vəzisinə bir əmr göndərər. Tiroid vəzisi də lazımi tiroid hormonunu ifraz edər və orqanizm hüceyrələrinin işləmə sürəti artar.
Hipotalamus, böyrəküstü vəzilərin (belə ki, bu vəzlər çox əhəmiyyətli hormonlar ifraz edərlər) işləməli olduqları vaxt və ya reproduktiv orqanların hormon ifraz etmələri lazım olduqda, yenə hipofizə bir əmr göndərər. Hipofiz də yenə özünə çatan əmri, əlaqədar yerlərə ötürər və bu yerlərdə lazımi hormonların ifrazını təmin edər.
Hipotalamusun hipofiz vəzisinə nəzarət etmək üçün ifraz etdiyi hormonları belə sadalaya bilərik:
- Böyümə hormonu ifraz edən hormon
- Tiroid hormonu ifraz edən hormon
- Kortikotropin ifraz edən hormon
- Çoxalma hormonu ifraz edən hormon (QTRH)
Bəzi vəziyyətlərdə də hipotalamus, orqanizm hüceyrələrinə müdaxilə etmək üçün bilavasitə özünün ifraz etdiyi iki hormondan istifadə edər. Ehtiyyat halında saxlanılmaları üçün bu hormonları əvvəlcə hipofizə göndərər. Sonra ehtiyac duyulduğu anda hormonların hipofizdən ifraz olunmasını təmin edər. Bu hormonlar da;
- Vazopressin və
- Oksitosin hormonudur.
Hipotalamusda ifraz edilən bu iki hormon ölçü etibarilə olduqca kiçikdir. Biri yalnız 3 amin turşusu böyüklüyündədir. Hipotalamus hormonları, digər hormonlardan təkcə kiçik olmaları ilə fərqlənməzlər. Orqanizmdə qət etdikləri məsafə digər hormonlardan fərqlənir. Hormonlar ümumiyyətlə ifraz olunduqları hormonal vəzidən hədəflənən orqana çatana qədər olduqca uzun yol qət edərlər. Halbuki hipotalamus hormonları təkcə kapilyar damarlar boyu bir neçə millimetrlik yol qət etdikdən sonra hipofizə çatarlar. Ümumi qan dövranı sisteminə qətiyyən daxil olmazlar.
Hipotalamus, hipofiz vəzisini hərəkətə keçirən hormonlar ifraz etdiyi kimi, eləcə də, lazımi vaxtlarda hipofiz vəzinin hormon ifraz etməsini dayandıran hormonlar da ifraz edər. Beləliklə də, hipofiz vəzinin fəaliyyətlərini tamamilə nəzarət altına almış olar.
Hormon orkestrasının dirijoru: Hipofiz vəzi
Hipofiz vəzi noxud böyüklüyündə, 0,5 qram ağırlığında, kiçik, çəhrayı rəngli bir ət parçasıdır. Beynin hipotalamus nahiyəsinə kiçik sapla bağlıdır. Bu əlaqə sayəsində hipotalamusdan əmr alar. Bu əmr əsasında lazımi hormonu ifraz edər və orqanizmdə ehtiyac duyulan tənzimləmə əməliyyatının icrasını təmin edər.
Bir noxud böyüklüyündəki hipofiz vəzisi, insan orqanizmi üzərində böyük təsirə malik olub, mükəmməl işlər bacardığına görə, uzun illər elmi araşdırmalara mövzu olmuşdur və hələ də olmaqdadır. Hətta bu kiçik ət parçası müəyyən mənada elm aləminin "hörmətini" qazanmışdır. Bir çox mənbədə hipofiz vəzisinə, sahib olduğu fövqəladə qabiliyyətlər nəzərə alınaraq, maraqlı "bənzətmələr" edilir. Məsələn, bəzi mənbələrdə hipofiz vəzisi "hormon orkestrasının dirijoru" kimi xarakterizə edilir. Bəzi mənbələrdə isə, hipofiz vəzisinə hormonal sistemin "şahı" bənzətməsi edilir. Eləcə də, hipofiz vəzi "görünməmiş bioloji möcüzə" kimi də xarakterizə olunur.
Bir noxud böyüklüyündəki hipofiz vəzi, ifraz etdiyi 12 fərqli hormon və hormonal sistem üzərindəki hakimiyyəti ilə bu bənzətmələrə layiqdir. Çünki hipofiz vəzisi, yalnız müəyyən toxuma hüceyrələrinə təsir edən hormonlar ifraz etməklə kifayətlənməz, eləcə də, özündən çox uzaqda yerləşən digər hormonal vəzlərin fəaliyyətlərini də qaydaya salar.
Hormonal vəzlərin orqanizm hüceyrələrinə müəyyən əmrlər verərək bu hüceyrələrin fəaliyyətlərini qaydaya salan orqanoidlər olduqlarını xatırlasaq, bu vaxt, hipofiz vəzisinin əhəmiyyəti daha yaxşı aydın olar. Çünki hipofiz vəzi yalnız bir çox orqanizm hüceyrəsinə əmr verməklə kifayətlənməz, eləcə də, orqanizm hüceyrələrinə əmr verən digər hormonal vəzlərə də əmr verər. Müəyyən mənada rəhbərlərin rəhbəri kimi fəaliyyət göstərər.
Məsələn, tiroid hormonunun ifraz olunması lazım gələn vəziyyətlərdə tiroid vəzisinə bir əmr göndərər və bu hormonun ifraz olunmasını təmin edər. Eynilə böyrəküstü vəzlərinə, kişilərdəki xayalara, qadınlardakı yumurtalıqlara və süd vəzlərinə, ehtiyac duyulan hormonların ifraz olunması üçün əmr göndərər.
Burada ilk öncə üzərində dayanılmalı mövzu, həmin bu hormonların və ya bunların təsir göstərdiyi hormonal vəzlərin adları və vəzifələri deyil, bir noxud böyüklüyündəki hipofiz vəzisinin özündən çox uzaqda yerləşən digər bir hormonal vəzə əmr verməyi necə bacarmasıdır. Bu nöqtə üzərində təkrar-təkrar bir çox sual verə bilərik. Hipofiz vəzi və bu vəzi meydana gətirən hüceyrələr;
"Böyrəküstü vəzinin vəzifəsini",
"Bu vəzifəni necə yerinə yetirdiyini",
"Böyrəküstü vəzinin hərəkətə keçməsi üçün lazımi xəbərdarlığı" necə bilirlər?
Böyrəküstü vəzlərdəki hüceyrələr, hipofiz vəzindən özlərinə çatan əmri necə anlayıb şərh edərlər və bu əmrə niyə itaət edərlər?
Dərinliyə getdikcə möcüzənin daha da böyüdüyü görülər. Hipofiz vəzinin ifraz etdiyi hormon, tam olaraq hədəflənən hüceyrənin üzərində yerləşən qəbuledici antenalara uyğun şəkildə dizayn olunmuşdur. Halbuki heç bir hipofiz hüceyrəsi mesaj göndərilən hormonal vəzi görməmişdir. Hipofiz hüceyrələri böyrəküstü vəzini meydana gətirən hüceyrələrin reseptorlarının necə dizayn olunduğunu bilməzlər. Bu, bir insanın bir dəfədə özündən minlərlə kilometr uzaqda, başqa ölkədə yerləşən bir evin, heç görmədiyi qapısının üzərindəki qıfıla uyğun bir açar düzəltməsi kimidir. Hipofiz vəzini meydana gətirən hüceyrələr heç görmədikləri bu qıfıllara uyğun açarları necə bilirlər?
Diqqət yetirilməli olan digər bir xüsus, bu sistemdə səhvə yol verilməməsidir. Əgər hazırlanan açar hədəflənən qapını açmasa, yəni ifraz olunan hormon hədəflənən yerdə öz vəzifəsini yerinə yetirməsə bunun nəticəsi ölüm olar. Məsələn, hipofiz vəzinin ifraz etdiyi hormon böyrəküstü vəzini hərəkətə keçirməsə nəticə ölüm olar.
Mövcud sistemin əslində nə qədər böyük möcüzə olduğunu daha yaxşı anlamaq üçün belə bir təcrübə aparıla bilər: İnsan bir aynanın qarşısına keçməli və iki gözünün birləşdiyi nöqtəyə bir barmağını qoyaraq diqqətlə baxmalıdır. Bu nöqtənin təxminən 5-6 sm arxasında, kəllənin tam içində bir noxud böyüklüyündə olan hipofiz adlı ət parçası var.
Sonra isə, digər əlini belinin üzərinə qoymalıdır. Bu əlinin tam altında, bel nahiyəsində böyrəkləri yerləşir. Böyrəklərin tam üzərində yerləşən və təxminən 4-5 qram ağırlığında və bir qoz böyüklüyündəki ət parçası da böyrəküstü vəzləridir.
İndi diqqətlə düşünün: Bu iki ət parçası bir-birləriylə xəbərləşirlər. Unudulmamalıdır ki, xəbərləşən iki şüurlu insan deyil, iki hüceyrə toplusudur. Üstəlik, rabitə sistemləri və qurulan əlaqə nəticəsində həyata keçiriləcək ifraz prosesi, bəşəriyyətin sahib olmadığı qədər qabaqcıl texnologiyaya malikdir.
Orqanizminizin dərinliklərində iki ət parçasının bir-birləri ilə xəbərləşib bir-birlərini anlamaları, insanın gözləri önünə sərilmiş əsil möcüzədir.
Üstəlik, biologiya təhsili almamış bir insan, beyninin tam altında, kəlləsinin içində belə bir orqan olduğundan xəbərsizdir. Gündəlik həyatda gördüyünüz insanların əksəriyyətinin, "hipofiz"in nə olduğundan belə xəbəri yoxdur. Bu sətirləri oxuduğunuz bu andan etibarən ilk qarşılaşdığınız insan sizinlə danışarkən beyninin altındakı kiçik bir ət parçası, onun yaşaması üçün daim orqanizminə mesajlar göndərir və əmrlər verir. Üstəlik, bu insanın baş verən bütün bu proseslərdən heç xəbəri olmur. Əgər bu ət parçası vəzifəsini yerinə yetirməsə bu insan qısa müddətdə öləcək. Bir anlıq qarşınızdakı insana bu baxış prizmasıyla baxsanız, əslində bəşəriyyətin özünü yaradan Allah qarşısında nə qədər aciz və möhtac olduğunu daha açıq şəkildə anlaya bilərsiniz.
Hipofizin ifraz etdiyi hormonlar
Hipofiz hormonlarının adlarına keçmədən əvvəl bir xüsusu təkrar xatırlatmaqda fayda görürük. Bu kitabın məqsədi, hormon sistemində reallaşan və elm aləmini də heyrətləndirən möcüzəvi hadisələri araşdırmaq və Allahın yaratma sənətinə daha yaxından şahid olmaqdır. Buna görə də, diqqəti, hormonların adları üzərində deyil, bu sistemin necə işləməsi üzərində cəmləşdirmək daha yerində olar. Çünki tibb və biologiya sahəsində tez-tez işlədilən mürəkkəb latın və yunanca adlar bir çox insanı biologiya elmindən soyutmuşdur və bu latın və yunanca adlar bəzən çox sadə işləyən bir mexanizmi belə anlamağı çətinləşdirər və ya gedişatında böyük möcüzələr ortaya çıxan bir hadisədəki fövqəladəliyin görülməsinə mane olar. Hətta, biologiya və ya tibb sahələrindəki mütəxəssislərin böyük hissəsi bu sözlərin "tilsimi" ilə, hər an qarşılaşdıqları möcüzələri də görə bilməzlər. Məsələn, hipofiz vəzinin quruluşunu və funksiyalarını çox ətraflı şəkildə bilərlər, ancaq heç vaxt kiçik bir ət parçasının göstərdiyi şüur və ağlın qaynağının nə olduğu mövzusu üzərində düşünməzlər. Buna görə də, adların üzərində çox dayanılmamasının lazım olduğunu və bu təriflərin tibb ədəbiyyatına yad oxucuların gözünü qorxutmamalı olduğunu təkrar xatırladaq. Necə ki, aşağıda bu hormonların adlarını qısa şəkildə ifadə edəcək, bundan sonrakı səhifələrdə isə, bu hormonların nə qədər böyük möcüzələrə vəsilə edildiyini araşdıracağıq.
Hipofiz vəzisi ön və arxa pay olmaqla iki hissədən ibarətdir. Hər iki hissədən də fərqli hormonlar ifraz olunar.
Hipofizin ön payı
Hipofizin ön payından indiyədək funksiyaları müəyyənləşdirilmiş 6 ayrı hormon ifraz olunar. Bu hormonların bəziləri, hormonal sistemdə iştirak edən digər hormonal vəzləri hədəf alar. Yəni hormon sistemini idarə etmək üçün dizayn olunmuş hormonlardır və "trofik hormonlar" adlanarlar. Trofik hormonların vəzifələrini daha sonrakı səhifələrdə, təsir etdikləri hormonal vəzlərin quruluş və vəzifələri ilə birlikdə araşdıracağıq. Bu hormonların digər hissəsi də orqanizm toxumalarını xəbərdar edərlər. Bu hormonların adları belədir:
Digər hormon vəzlərini xəbərdar edən hormonlar (trofik hormonlar);
1) Tiroidi xəbərdar edən hormon
2) Böyrəküstü vəzini xəbərdar edən hormon (adrenokortikotrop hormonu, AKTH)
3) Follikulstimiləedici hormon (FSH)
4) Lüteinləşdirici hormon (LH)
Orqanizm toxumalarını hədəf alan hormonlar (qeyri-trofik hormonlar);
5) Böyümə hormonu (STH)
6) Prolaktin hormonu
Hipofizin arxa payı
Hipofiz vəzinin arxa payı, hipotalamusun ifraz etdiyi hormonların ehtiyyatda saxlanıldığı yerdir. Lazımi vəziyyətlərdə hipotalamusdan gələn əmrlə hormonlar ifraz olunar. Bu hormonlar bunlardır:
1) Vazopressin (antidiuretik hormon)
2) Oksitosin