Buraya qədər NO-nun damarlarımızdakı strateji vəzifəsindən bəhs etdik. İndi isə, bu molekulun həyatımızın ilk anında, bizim üçün boynuna götürdüyü çox əhəmiyyətli bir vəzifədən bəhs edək. Əvvəlcə bir nöqtəyə diqqət çəkək: "Həyatımızın ilk anı" ifadəsiylə doğulduğumuz və ya həyata gözlərimizi açdığımız anı nəzərdə tutmuruq. Həyatımızın ilk anı, bizi meydana gətirən ilk hüceyrənin, yəni sperma və yumurta hüceyrəsinin birləşməsiylə meydana gələn ilk hüceyrənin ilk anıdır.
Sperma və yumurta hüceyrəsi görüşməsinin bir sıra fövqəladə dərəcədə mürəkkəb kimyəvi əməliyyatlar başlatdığı, bu əməliyyatlar nəticəsində də rüşeymin əmələ gəldiyi bilinirdi. Ancaq qaranlıq qalan bir çox incəlik arasında olduqca əhəmiyyətli bir nöqtə vardı. Məhz bu nöqtə biologiya professoru David Epelin; "əsrin başlanğıcından indiyədək sperma-yumurta birləşməsinin tam olaraq inkişafı necə başlatdığı insanları maraqlandırdı" ifadəsiylə ümumiləşdirilə bilər.

Bu sualların cavabını tapmaq üçün aparılmış elmi tədqiqatlar göstərmişdir ki, ana bətnindəki möcüzə inkişafı NO-nun daşıdığı mesajlar başladır. Spermanın içində NOS adlandırılan bir ferment var. Bu ferment mükəmməl zamanlama ilə, mayalnmadan bir neçə saniyə əvvəl NO ifraz etməyə başlayır. Birləşməklə birlikdə spermadakı xəbərçi azot oksid molekulları yumurta içinə yayılır və bundan 30 saniyə sonra da yumurtadakı kalsium aktivləşir və ilk hüceyrənin bölünərək çoxalma mexanizmi fəaliyyətə keçir. Hələ bu ilk hüceyrənin içindəki mükəmməl nizamın sirri tam mənasıyla açılmamışdır. Mövzumuz baxımından burada diqqətçəkən məqam, azot oksidi molekulu çatışmadıqda sperma ilə yumurta hüceyrəsinin bir-birləriylə əlaqə yarada bilməməsidir. İnsanın 2000-ci ildə öyrəndiyi bu həqiqət göstərir ki, hər şey kimi azot oksidi də Allah tərəfindən yaradılmış və ona bu cür vəzifə verilmişdir.

 

Bakteriya və viruslarla üzbəüzə
Bundan əvvəlki sətirlərdə, azot oksidinin mühüm mesajlar daşıyan bir xəbərçi olmaqla yanaşı zəhərli bir molekul olduğundan da bəhs etmişdik. NO-nun müdafiə sistemimizdəki rolu da zəhərli xüsusiyyətləriylə əlaqədardır. Bu molekul, orqanizmin müdafiə sisteminin əhəmiyyətli qüvvələrindən olan makrofaqlar tərəfindən ifraz olunur. Qısaca xatırlatmaq lazımdırsa, makrofaqlar 0,01 millimetrlik mikroorqanizmlərdir və faqositoz (udma) metodundan istifadə edərək bakteriya və orqanizmimiz üçün zərərli molekulları yox edərlər. Makrofaqlar xəstəliyə səbəb olan bakteriya və ya mikroblarla qarşılaşdıqları vaxt, onların ətrafını bürüyərlər. Bundan sonra makrofaqlar hər tərəfdən əhatə etdikləri bakteriyaları intensiv azot oksidi bombardmanına tutarlar. Beləliklə də, azot oksidi molekulları bakteriyaları yox edəcək reaksiyaları başladarlar. Əlbəttə ki, azot oksidi ilə makrofaqlar arasındakı əməkdaşlıq, hər şeyin bir-birinə uyğun şəkildə yaradılmış olmasının saysız dəlillərindən biridir.

NO molekullarının müdafiə sistemində diqqətçəkici bir vəzifəsi daha var. Tədqiqatlar NO-nun, bəzi viruslardakı "proteaz" adlı fermenti təsirsiz hala gətirdiyini göstərmişdir. Bu ferment böyük zülalları, yeni virusların ifrazatında istifadə edilən kiçik hissələrə parçalayır. NO-nun bu fermenti təsirsiz hala gətirməsiylə də virusun çoxalmasının qarşısı alınır.
Bu əhəmiyyətli bir məlumatdır. Kiçik molekullar heç tanımadıqları başqa molekulları orqanizm içində tapır və onları necə təsirsiz hala gətirə biləcəklərini çox yaxşı bilirlər. Beləliklə də, insan xəbəri belə olmadan çox böyük təhlükələrdən qoruna bilir. Bütün bu nizamın, molekullar arasındakı əlaqənin təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi çox aydındır. NO molekullarına, bu vəzifələri verən və onları bu xüsusiyyətlərlə yaradan aləmlərin Rəbbi olan Allahdır.

Bunu da əlavə etmək lazımdır ki, bu sahədəki tədqiqatlar davam edir. Elm adamları yaxın gələcəkdə azot oksidindən xərçəng xəstəliyi və şişlərlə mübarizədə istifadə edə biləcəklərini düşünürlər. Bunun baş tutması üçün də, əvvəlcə bu molekul haqqındakı bilinməyən məlumatların işıqlandırılmasını gözləmək lazım gələcək. Əlbəttə ki, gün işığına çıxan hər məlumat, bu molekulun olduqca üstün bir dizayn məhsulu olduğunu yenidən göstərəcək.
Azot oksidi molekulu hər keçən gün, yeni tədqiqatların mövzusu olur. Bu tədqiqatlardan əldə edilən nəticələr elm adamlarını da heyrətə gətirir. Hal-hazırda isə, bu xəbərçi molekulun başımızdan ayaqlarımıza qədər orqanizmimizin hüceyrələrində əmələ gətirildiyi və bir çox mürəkkəb əməliyyatda əhəmiyyətli vəzifələr boynuna götürdüyü məlumdur. Bu molekulun gördüyü işlərin insanları heyrətə gətirəcək səviyyədə olduğunu belə bir nümunə ilə təsvir edə bilərik: bir anlıq özünüzü NO-nun yerinə qoyun və onun vəzifələrini öz boynunuza götürdüyünüzü təsəvvür edin.

1) Əvvəlcə gözünüzdə bu xəbərçi molekulun qan damarlarındakı tənzimləyici rolunu öz boynunuza götürdüyünüzü canlandırın. Müvəffəqiyyət qazanmağınız üçün əvvəlcə ürək, qan və damarlardan ibarət olan ürək qan-damar sisteminə çox yaxşı bələd olmalısınız.
2) Gün ərzindəki yatmaq, yemək, idman etmək kimi bir-birindən fərqli fəaliyyətlər əsnasındakı qan təzyiqini tənzimləyən xəbərləri əlaqədar orqanlara çatdırmalısınız. Bunu edərkən də, cüzi də olsa biganəlik etməməlisiniz və ya səhviniz olmamalıdır, əks təqdirdə qan təzyiqiniz normadan aşağı enə və ya normadan yuxarı qalxa bilər ki, bu vəziyyət də iflic, şok, infarkt kimi ölümlə nəticələnəcək mənfi nəticələrə gətirib çıxara bilər. Həmçinin, orqanizmimizdəki arteriya, vena və kapilyar damarların birlikdə ümumi uzunluğunun 100 min kilometrdən çox olduğunu xatırladaq. Belə olan halda, qeyd olunan vəzifənin öhdəsindən gəlməyinizin qeyri-mümkün olduğunu asanlıqla təxmin edə bilərsiniz.
3) İndiki vaxtda NO-nun öyrənmə əməliyyatları vaxtı, beyində xəbərçi kimi istifadə edildiyi bilinir. Bu əməliyyatlar da o qədər mürəkkəbdir ki, hələ də böyük hissəsi aydın ola bilməmişdir. Dolayısilə təkcə siz yox, dünyadakı bütün elm adamları bir yerə toplansa belə, bu xəbərçi vəzifəsini qətiyyən bacara bilməzlər.
4) Azot oksidinin, müdafiə sistemimizin virus və bakteriyalara qarşı apardığı müvəffəqiyyətli mübarizədəki rolunu unutmayın.
5) Həmçinin bu xəbərçinin oxuduğunuz bu başlıqda, ağciyər, qaraciyər, böyrək, mədə və reproduktiv orqanların nizamlı fəaliyyətlərindəki rolu qeyd olunmamışdır. Siz NO-nun insan orqanizmindəki yerində olduğunuz vaxt, bütün bu orqanların dilindən anlamalı, digər bir sözlə, bu orqanların mütəxəssisi olmalısınız. Əlbəttə ki, bu da kifayət deyil. Çünki insan orqanizmi, uyğunluq içində işləyən bütün orqanlarıyla və inanılmaz dərəcədə mürəkkəb əməliyyatlar yerinə yetirən trilyonlarla hüceyrəsiylə bənzərsiz bir sistemdir.
6) Son olaraq bunu qeyd edək ki, bu xəbərçinin ideal ölçüdə, tam vaxtında və tam yerində istifadə edilmədiyi təqdirdə zərərli və korlayıcı xüsusiyyətləri olduğunu da nəzərə almalısınız. Bu, 60-70 il ərzində hər an dinamit və ya bənzəri bir partlayıcı maddədən istifadə edərək, olduqca mürəkkəb əməliyyatlar yerinə yetirən bir insanın tək bir saniyə belə səhv etməməsinə bənzədilə bilər.

Bunu etiraf etmək məcburiyyətindəsiniz ki, nə qədər ixtisaslı olsanız da, ən təkmilləşmiş kompyuterlər və laboratoriyaların köməyi ilə də bu molekulun etdiklərini edə bilməzsiniz.
Şübhəsiz ki, xəbərçi azot oksidi molekulunu, "hər şeyi xəlq etmiş, ona nizam vermiş, müəyyən ölçüylə təqdir etmiş" (Furqan surəsi, 2) olan Allah yaratmışdır. Bu molekulun duyğu orqanları, ağlı, şüuru, təhsili və ya texniki təchizatı olmadığı halda trilyonlarla hüceyrənin funksiyalarını tənzimləməsi, öz təşəbbüsüylə orqanizm üçün lazımi həssas qərarlar qəbul edərək tətbiq etməsi Allahın üstün və bənzərsiz dizaynından qaynaqlanır.

Burada üzərində dayanılmalı olan, son bir nöqtə daha var: bütün bu məlumatlar 20-ci əsrin son on illiyində, nüfuzlu elm adamlarının apardıqları intensiv tədqiqatlar nəticəsində əldə olunmuşdur. Əlbəttə ki, NO haqqındakı bilinməyənlərin işıqlandırılması yalnız tədqiqatçıların səyləriylə mümkün ola bilməz və nəzərə alınmalı olan başqa faktorlar da var. Dövlətlər və beynəlxalq təşkilatlar bu sahədəki elmi çalışmalar üçün böyük maddi vəsait və təkmilləşmiş texnologiya məhsulu cihazlarla dolu laboratoriyalar yaratmışdırlar.

Əlbəttə ki, bu xəbərçi molekuldakı yaradılış möcüzələrinin bu qədər əmək və səy nəticəsində işıqlanması, Allahın elminin nə qədər üstün olduğunu göstərən yeni bir dəlil olmuşdur.